CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Səxavətli" xızılılar: on beş adam yüz manatından oldu

Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər 100 manat miqdarında cərimə edilirlər.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər.

Ümumilikdə bu günədək Xızı RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 2 obyekt sahibinə, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada tədbirlər görülüb.