Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 aprel — Sputnik. Koronavirus (SARS-CoV-2) pandemiyası bir çox iqtisadi sahələrə mənfi təsir göstərib. Bunlar sırasında ən çox ziyan çəkmiş sektorlar isə turizm, otelçilik və restoran biznesi sahələridir. Bu günlərdə koronavirusdan ziyan çəkmiş sahələrə dövlət dəstəyi məsələsi geniş müzakirə olunur. Bəs görəsən, bu sahələrə dəstək hansı formada edilməlidir ki, həm sahibkarları, həmçinin də orada çalışanları pandemiyanın vurduğu zərərdən qismən də olsa qorumaq mümkün olsun?
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, artıq turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar tərəfindən bununla bağlı müəyyən təkliflər hazırlanaraq hökumətə təqdim edilib. DAİR Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm və qonaqpərvərlik sahələri üzləşdikləri iqtisadi-sosial çətinliklər multiplikasiya effekti yaradaraq sənayedə fəaliyyət göstərən biznes subyektlər arasında, habelə nəqliyyat, ekskursiya xidmətləri, əyləncələr, ticarət, suvenirlər və digər əlaqəli sahələrlə zəncirvari neqativ təsirlərə gətirib çıxardıb.
Onun sözlərinə görə, koronavirus pandemiyasının sahibkarlığa, xüsusilə də kiçik və orta biznes subyektlərinə vurduğu neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət, ictimai qurumlar və özəl sektor nümayəndələri arasında artıq bir sıra real və virtual görüşlər keçirilib, fikir mübadiləsi və müzakirələr aparılıb: "Əminliklə demək olar ki, turizm və qonaqpərvərlik sənayesində çalışan bütün qabaqcıl şirkətlər və sahibkarlar, assosiasiyalar və ictimai birliklər, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Xidməti və digər qurumların nümayəndələrinin iştirakı ilə birgə və ayrı-ayrılıqda keçirilən müzakirələrdə mövcud olan neqativ təsirlər və onları minimuma endirmək yolları geniş şəkildə açıqlanıb.
Aparılan təhlillər və özəl sektoru, o cümlədən turizm və qonaqpərvərlik sahələrində çalışan vətəndaşları dəstəkləyən tədbirlərin realizə edilməsi mümkünlüyünün müzakirələri nəticəsində əldə edilmiş məlumatlara və təcrübələrə istinadən onları belə sıralamaq olar: İlk dəstək mexanizmi kimi turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əmək haqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsi, o cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması ola bilər.
Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmiş şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması da qeyd edilir. Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV odənilməsinin müvəqqəti olaraq dayandırılması və bu sahədə fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin kommunal, rabitə və internet xərclərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması, dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi təklif edilir.
Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması da vacibdir. Bu sektorda fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması da təkliflər sırasındadır.
Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar, eyni zamanda “startup”lar üçün zaminsiz və aşağı faizlə biznes kreditlərin təklif edilməsi, böhranların neqativ təsirlərindən sığortalanmaq, o cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondu yaradılmalıdır. Həmçinin sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması, nağdsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi, ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümi çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşağı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi də təkliflər sırasındadır".
S.Dübəndi deyir ki, dövlət qurumları ilə aparılan müzakirələr zamanı söylənmiş fikirlər və son günlərdə KİV vasitəsilə yayılan xəbərlər onu göstərir ki, koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq:
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq turizm, otelçilik sahəsinə pandemiyanın vurduğu ziyanla bağlı Assosiasiyaya daxil olan şirkətlərlə birgə təkliflər hazırlanıb: "Bu təkliflər sırasında bir çox dəstək xarakterli məsələlər yer alıb. Buraya turizm sahəsinə ayrılan kreditlərin dondurulması, bu sektorda çalışanların əmək haqlarının ödənilməsinə dövlət dəstəyi və sair məsələlər öz əksini tapıb. Biz inanırıq ki, dövlət bu çətin günlərdə turizm sahəsinə dəymiş ziyana görə bu sahədə çalışan sahibkarları tək qoymayacaq. İmkan daxilində öz dəstəyini göstərəcək".