CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novxanı yolu təmir edilir

Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdı. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülür.

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin yaxın günlərdə yekunlaşdırılması və ardınca asfaltlanma işlərinə başlanılması nəzərdə tutulur.

Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənəcək. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qruntla bərkidilməsi işləri aparılacaq.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlanma xətləri çəkiləcək.

Bütün işlər mövcud "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.