Müsəlman icmasının rəhbəri koronavirusdan öldü

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,2 milyonu keçib, 68 mindən çox adam isə virus səbəbilə ölüb
Sputnik

BAKI, 6 aprel — Sputnik. İspaniyada Müsəlman İcmasının rəhbəri, İspaniya İslam Komissiyasının sədri Riay Tatari Bakri COVID-19 xəstəliyindən vəfat edib. Bu barədə Sputnik Azərbaycan "Rİa Novosti"-yə istinadən xəbər verir.

Məlumata əsasən, Riay Tatari Bakri Madridin Tetuan rayonunda yerləşən məscidin imamı olub. Bir neçə gün əvvəl o, paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun həyat yoldaşının da vəziyyəti ağırdır. Bakrinin 72 yaşı olub.

Tibb elmləri doktoru olan Bakri eyni zamanda İspaniyanın İslam Cəmiyyətləri Birliyinə də rəhbərlik edib. O, Dəməşqdə anadan olub, 1970-ci ilin əvvəllərindən İspaniyada yaşayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,2 milyonu keçib, 68 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.