BAKI, 6 aprel — Sputnik. Milli Azərbaycan Tarix Muzeyi "TurStat" turizm portalının versiyasına görə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən yaxşı tarix muzeylərinin TOP onluğuna daxil olub.
Sputnik Azərbaycan portala istinadla xəbər verir ki, TOP-10-a MDB-nin səkkiz ölkəsinin muzeyləri daxildir: Belarus və Qazaxıstandan iki, Rusiya, Azərbaycan, Özbəkistan, Ermənistan, Moldova və Tacikistandan isə bir muzey.
Birinci yerdə Moskvadakı Dövlət Tarix muzeyi qərarlaşıb. Sonrakı yeri Minskdəki Belarus Milli Tarix Muzeyi tutur və ilk üçlüyü Qazaxıstan Milli Muzeyi qapadır.
Milli Azərbaycan Tarix Muzeyi reytinqdə altıncı yeri tutub.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Bu muzey müxtəlif adlar altında və müxtəlif statuslarda 1920-ci ildən fəaliyyət göstərir. 2005-ci ildə ona milli status verilib. O, Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyalar təqdim edir. Muzeyin eksponatları on fondda, o cümlədən arxeoloji, etnoqrafik, numizmatik, silah və bayraq fondlarında, sənədli mənbələrdə toplanıb.