CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bozdağ vulkanı və ya cəhənnəmin ortasına səyahət - FOTO

Mütəxəssislərə görə, palçıq vulkanlarının məhsulları sağlamlıq üçün çox faydalıdır. Amma vulkan məhsullarının zərərli tərəfləri də var. Məsələn, əgər eviniz vulkanın lavaları arasındadırsa...
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu xüsusiyyətinə görə ölkəmizi vulkanlar diyarı da adlandırırlar. Palçıq vulkanlarının çox hissəsi isə Bakı və Abşeron ərazilərindədir.

Mütəxəssislərə görə, palçıq vulkanlarının məhsulları sağlamlıq üçün çox faydalıdır. Amma vulkan məhsullarının zərərli tərəfləri də var. Məsələn, əgər eviniz vulkanın lavaları arasındadırsa...

Bozdağ–Qobu vulkanı Bakıdan 15 kilometr aralıda, Qobu qəsəbəsindən şimal və şimal-şərqdə yerləşir. Vulkan yüksəkliyin eyni istiqamətində yerləşmiş enli bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir.

Bu qruplardan biri Qobu kəndindən şimalda, eyni adlı dağın təpəsində, digəri isə birincidən 800-1000 metr şərqə doğru yerləşir. Vulkan ellips formasındadır və az aktiv palçıq vulkanı hesab edilir.

Bozdağ vulkanı və ya cəhənnəmin ortasına səyahət - FOTO

Vulkan 1827-ci ildən bu günə qədər 1894, 1953, 1957, 1974, 1986, 1987, 1999 və sonuncu dəfə 2013-cü ildə püskürüb. Sonuncu püskürmədə təqribi olaraq 03-0,5 ha sahəyə tullantılar yayıb", - deyən Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev əlavə edib ki, vulkanın ən təhlükəli püskürməsi 1957-ci il avqustun 27-də baş verib.

Bu zaman ətrafa təxminən 9000 kubmetr tullantı məhsulu, brekçiya yayılıb. Vulkan məhsulları 2 ha ərazini əhatə edib.

Qobu sakinlərinin sözlərinə görə, vulkan ilk dəfə, 1827-ci ildə püskürəndə güclü alov sütunu yüz metrlərlə hündürlüyə qədər ucalıb.

Vulkana getmək müqayisədə o qədər də çətin deyil. Qalxdığımız dik yol bitdikdən sonra lavaların arasına düşdüyümüzü anladıq. Vulkandan püskürən palçıq ətrafda topalanıb, kiçik təpəciklər yaradıb.

Bozdağ vulkanı və ya cəhənnəmin ortasına səyahət - FOTO

Sputnik Azərbaycan xəbər verir ki, bu günə qədər 9 dəfə oyanan vulkanın 1974-cü ildə baş vermiş püskürməsi, alovlarının istiliyi və güclü səsi bu gün də sakinlərin yaddaşından silinməyib.

Qobu sakini, jurnalist Məmmədağa Orucəliyevin sözlərinə görə, 1974-cü ildə baş verən vulkan püskürməsinin istiliyini kənd sakinləri hətta evlərində hiss ediblər: "Yadıma gəlir, evə gələndə mənə dedilər ki, vulkan püskürüb, güclü alov yayılıb ətrafa. Anam dedi ki, istiliyini evin içində belə hiss etmək olurdu. Məlumatlara görə, vulkan çox gec-gec, amma güclü püskürür. 1974-cü il püskürməsi zamanı Qobuda hərbi baza da varmış. O vaxtların yaşlıları danışırmışlar ki, əgər küləyin istiqaməti kəndə tərəf olmasaymış, həmin alovlar silah-sursat anbarlarını partlada, Qobunu tamamilə məhv edə bilərmiş".

Hazırda hətta vulkanın kraterində də fərdi yaşayış evləri var. Əslində yaşayış məntəqələri vulkan ərazisindən 1-2 kilometr aralıda olmalıdır. Amma nədənsə qobulular burada rahatca ev tikib yaşaya bilirlər.

Bozdağ vulkanı və ya cəhənnəmin ortasına səyahət - FOTO

Sakinlərin fikrincə, əgər 1974-cü ildəki kimi püskürmə olsa, yəqin ki, bütün evlər lava altında qalacaq.

Xatırladaq ki, palçıq vulkanları 2002-ci ildə "Xüsusi mühafizə olunan obyektlər və ərazilər" qanununa daxil edilməklə təbiət abidəsi statusu alıb.

Qeyd edək ki, Qobu-Bozdağ vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.