BAKI, 3 aprel - Sputnik, Kəmalə Əliyeva. Almaniyada yaşayan müğənni Seyran İsmayılxanovun sayəsində almanlar nəinki Azərbaycan mahnılarını ifa edə, həm də Azərbaycan dilini öyrənə biləcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirus pandemiyası ilə bağlı Almaniyada da karantin elan edilməsinə baxmayaraq, ifaçı yaradıcılıqla məşğul olmağa çalışır.
O, bu günlərdə bir çox Azərbaycan mahnılarının da daxil olduğu çoxdan gözlənilən albomunu təqdim edib. Bir çox kompozisiyalar üçünsə hətta videogörüntü hazırlayıb ki, alman pərəstişkarları onu karaoke oxuya və eyni zamanda Azərbaycan dilini öyrənə bilsinlər.
Musiqidən başqa, İsmayılxanov öz evində bütün arzu edənlərə pilates (fiziki məşqlər sistemi) üzrə onlayn-məşğələlər keçir.
Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Hazırda o, Almaniyada dünya şöhrətli "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.