BAKI, 3 aprel — Sputnik. "Evdən çıxmaq üçün SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov deyib.
O bildirib ki, cavablar 5-10-15 dəqiqə gecikə bilər: "Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbirli olmağı xahiş edirik. Vətəndaşlar ən azı bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbirli olsunlar. Ümumiyyətlə, cavab gəlməsə, aidiyyatı üzrə Çağrı mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".