Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiniz

"Vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək"
Sputnik

BAKI, 2 aprel — Sputnik. "Hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək. Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib: "Vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir".