CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bu gün: "virus ovuna çıxanlar", sənədsiz "Mixaylo"lar - FOTO

Polis əməkdaşları cərimə etməkdən çox, vətəndaşları maarifləndirməyə çağırır və evdə qalmalarını məsləhət görürlər
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Bu dönəm həyatımızın və səbrimizin sınağa çəkildiyi günlərdir. Ölkədə koronavirus pandemiyası təhlükəsi ilə tətbiq edilmiş xüsusi karantin rejiminə hər bir azərbaycanlının əməl etməsi vacibdir.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirildi.

Bakı bu gün: "virus ovuna çıxanlar", sənədsiz "Mixaylo"lar - FOTO

Belə ki, bu dövr ərzində insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilib.

Eyni zamanda əhalidən xahiş edilib ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

Bakı bu gün: "virus ovuna çıxanlar", sənədsiz "Mixaylo"lar - FOTO

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

Eyni zamanda Bakının küçələrində polis əməkdaşları ilə yanaşı, Daxili Qoşunların qüvvələri də xidmətə cəlb ediliblər.

Sputnik Azərbaycan xəbər verir ki, onlar hazırda Bakıda insanların daha çox müşahidə edildiyi ərazilərdə xidmət aparırlar.

Bu gün "20 Yanvar" metro stansiyası yaxınlığında daha çox vətəndaş müşahidə edilir.

Polis əməkdaşları onlara yaxınlaşaraq, sənədlərini yoxlayırlar. Vətəndaşların əksəriyyəti polisin bu davranışını birmənalı qarşılamasa da, polisin fəaliyyətindən razı qalanlar da var.

Bakı bu gün: "virus ovuna çıxanlar", sənədsiz "Mixaylo"lar - FOTO

Məsələn, 60 yaşlı Cəmilə İbrahimova polisin və hərbçilərin fəaliyyətini yüksək qiymətləndirir. Vətəndaş bildirir ki, polis əməkdaşları olmasa, qaydalara heç kim riayət etməz: "Mən polisimlə fəxr edirəm. Həqiqətən, bu gün Azərbaycan çətin günlərini yaşayır. Biz bu bəlaya qalib gəlmək üçün birlik nümayiş etdirməliyik. İşə getməyən vətəndaşlar evdə qalmalıdırlar".

Digər vətəndaş Gülay Quliyeva tikinti şirkətində çalışdığını deyir. Polis əməkdaşları ondan iş yerindən verilən buraxılış arayışını tələb edirlər. Vətəndaş sənədlərini təqdim edir, yoxlamadan sonra buraxılır.

Bu gün əksər vətəndaşların qaydalara daha məsuliyyətlə yanaşdığı hiss olunsa da, qaydalara əhəmiyyət verməyənlər də az deyil.

Məsələn, Sadiq Bağırov polis əməkdaşı qarşısında heç bir sənədi olmadan dayanıb, ərzaq almağa çıxdığını deyir. O, maska taxmayıb və sənədləri də yanında deyil.

Bakı bu gün: "virus ovuna çıxanlar", sənədsiz "Mixaylo"lar - FOTO

Polis əməkdaşları qaydaları vətəndaşa izah edir və bir daha evdən çıxdığı zaman sənədlərini yanında götürməyi tövsiyə edirlər.

Müşahidələrimizə görə deyə bilərik ki, bu gün paytaxtın əksər ərazilərində həm piyadaların, həm də sürücülərin hərəkətinə nəzarət edilir.

Polis əməkdaşları cərimə etməkdən çox, vətəndaşları maarifləndirməyə çağırır və evdə qalmalarını məsləhət görürlər. Ərzaq almaq üçün yaxınlıqda olana mağazalara getməyi və maska və əlcəkdən istifadə etməyi tövsiyə edirlər.

Polis əməkdaşları Sputnik Azərbaycan-a bildirirlər ki, vətəndaşların əksəriyyəti qaydalara əməl etməyə çalışır. Əməl etməyənlərə isə qaydalar izah edilir, tövsiyələr verilir və inzibati protokollar tərtib edilir.

Amma əksər vətəndaşlar virus təhlükəsindən xəbərdardır və onlar da bu ağır günlərdə həmrəylik göstərməyə çalışırlar.

Xatırladaq ki, "COVID-19"-un törədicisi olan koronavirus ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana gəlib. Bu günə qədər 872 min nəfər xəstəliyə yoluxub, bunlardan 43 mini dünyasını dəyişib, 184 min nəfər sağalıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 359 nəfər xəstəliyə yoluxub, bunlardan 5 nəfər ölüb, 26 nəfər sağalıb. Ökədə martın 14-dən xüsusi karantin rejimi tətbiq edilib.