BAKI, 1 aprel — Sputnik. Qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktorlardandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50%-ni təsirsiz hala gətirə bilir.
Mütəxəssislər orta yaşlı şəxsin gündəlik 30 q-dək şəkər istehlakını tövsiyə edirlər. Normadan artıq şəkərin qəbulu sağlamlığımız üçün təhlükəlidir. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə artıq çəki və diabetin yaranmasına səbəb olur. Tez-tez aclıq, səbəbsiz davamlı yorğunluq, yaraların gec sağalması, diş çürüməsi, ağız boşluğunun quruması, sidik yollarının infeksiyası, ağızda və dildə ağ ərp formalaşması, quru dəri, konsentrasiyada çətinlik artıq şəkər istehlakı nəticəsində formalaşan fəsadlardandır. Həmçinin tərkibində həddindən çox şəkər olan məhsulların istehlakı gündəlik kalori qəbulunu artırır ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmə isə ürək, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərin risk faktorlarından sayılır.
Şəkər istehlakını məhdudlaşdırmaq üçün qablaşdırılan məhsulların tərkibini diqqətlə oxumaq lazımdır. Məhsullarda fruktoza, laktoza, saxaroza, maltoza, qlükoza və dekstroza kimi elementlərin miqdarı nəzərə alınmalıdır. Şəkər, şokolad, şərbət və şirniyyatların əvəzinə meyvələrə, yəni təbii şəkər qaynağına üstünlük verilməlidir.
İnsan orqanizminə lazım olan enerji gündəlik qəbul edilən qida məhsulları ilə ödənilir. Təbii ki, sağlam və keyfiyyətli qida orqanizmimiz üçün enerji mənbəyi ola bilər. Meyvə və tərəvəzlərə üstünlük verməklə immun sistemimizi gücləndirə, orqanizmimizin infeksiya törədicilərinə qarşı dözümlülüyünü, müdafiəsini artıra bilərik.