BAKI, 1 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.
Azərbaycan İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.
Baza sənəddə aşağıdakı məsələlər öz əksini tapıb:
1.Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə).
2.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə).
3.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.
4.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).
5.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).
6.Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket.
7.Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı.
8.İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı.
9.Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı.
10.Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.
Proqramda eləcə də Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.
Proqramların təfərrüatlarını bu linkdən görmək mümkündür.