İQTİSADİYYAT

Zarafatsız "axmaqlar günü": Amerika bazarlarında rekord düşmə baş verib

ABŞ-ın fond birjasındakı vəziyyət tarixə "qara bazar ertəsi" kimi daxil olan hadisəni geridə qoyub və 135 il ərzində indekslərin ən maksimal səviyyədə aşağı düşdüyü haldır
Sputnik

BAKI, 1 aprel — Sputnik. Amerikanın fond bazarında rekord düşmə baş verib. ABŞ-ın onlarla ən böyük şirkətlərinin səhmlərini birləşdirən "Dow Jones" birja sənaye indeksi yanvar-mart aylarında 23,2 faiz aşağı düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın “Market Watch” nəşri məlumat yayıb.

"Güclü dollar yaxşıdır, amma ticarəti çətinləşdirir"

Bu, 1987-ci ildən bəri maksimum rüblük düşmə olub. O vaxt bir gün, 19 oktyabrda, "Dow Jones" 22,6 faiz çöküb və bu hadisə tarixə "qara bazar ertəsi" kimi daxil olub.

Vaşinqton Post-un hesablamasına görə, bu, Dow Jones-un yarandığı 135 il ərzində indekslərin ən maksimal səviyyədə aşağı düşdüyü haldır. 

S&P 500 indeksi isə bu dövrdə 20 faiz aşağı düşüb və dünya maliyyə böhranının başladığı 2008-ci ildən bu yana ən pis rüblük nəticədir.

Mart ayının əvvəlində "Dow Jones" dərhal 11,37 faiz böyüyüb və bu, 1933-cü ildən bəri maksimum göstərici olub. Bu, ABŞ hökumətinin neftin ucuzlaşması və koronavirus pandemiyası fonunda iqtisadiyyatı xilas etmək üçün gördüyü tədbirlərlə bağlıdır. Superdövlət eyni məqsəd üçün dörd trilyon dollar ayırmağı planlaşdırır.