CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi rejimdə gündəlik avtobusların sayı azalacaqmı? - Rəsmi cavab

"Müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları adi rejimdə işləyəcəklər. Amma sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Bakıda xəttə 18 metrlik avtobuslar buraxıldı – Ekspress daşımalar həyata keçirəcək

Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlumatında da bildirilir ki, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. Bəs görəsən bu rejimdə müntəzəm marşrut xətlərinin fəaliyyəti necə tənzimlənəcək? Xəttə buraxılan avtobusların sayında sərnişin azlığı ilə əlaqədar azalma olacaqmı?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev belə cavab verib: "Dünənki məlum qərardan sonra müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyətində heç bir məhdudiyyət tətbiq edilməyəcək. Müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları adi rejimdə işləyəcəklər. Amma sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik".