Qonşu ölkə şəhərlərini tam bağladı: karantin rejimi

Gürcüstan hökuməti koronavirusun yayılmasına yol verməmək üçün bütün ölkə ərazisində karantin tətbiq etmək barədə qərar qəbul edib.
Sputnik

BAKI, 30 mart — Sputnik. Gürcüstanın Baş naziri Georgi Qaxariya bu gün keçirilmiş fövqəladə brifinqdə bütün ölkə ərazisində karantin rejiminin tətbiq olunduğunu elan edib. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Qərar martın 31-i saat saat 08:00-dan qüvvəyə minir.

Bu o deməkdir ki:

- saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur

- ictimai nəqliyyat işini tamamilə dayandırır

- taksilərin fəaliyyətinə sərt reqlament tətbiq edilir: iki sərnişindən çox olmayaraq, arxa oturacaqda

- Tbilisi, Kutaisi, Batumi, Poti, Zuqdidi, Rustavi şəhərləri bağlanır

- hamının üzərində şəxsiyyət vəsiqəsi olmalıdır

- hər kəs, xüsusilə yaşlılar, evdən yalnız son dərəcə zəruri hallarda çıxa bilər

"Müəyyən edilməmiş mənbəyi olan üç fakt var, onlardan bir həkimdir. Bu o deməkdir ki, daxili yoluxma başlayıb", - Qaxariya bildirib.

Martın ortalarında Gürcüstan hökuməti sərhədləri bağlayıb. Martın 21-də isə fövqəladə vəziyyət rejimini elan edib. Bundan əvvəl karantin rejimi yalnız koronavirusun yayılması ehtimalı olan Bolnisi və Marneuli rayonlarında qüvvədə idi.

Hazırda Gürcüstanda koronavirusa 98 yoluxma faktı qeydə alınıb. Hakimiyyət orqanları epidemiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər.