BAKI, 30 mart — Sputnik. Rusiyada yeni koronavirusun səbəb olduğu "COVID-19" xəstəliyini müalicə etmək üçün potensial olaraq istifadə edilə biləcək üç dərman hazırlanıb. Dərmanların yaradılmasında Rusiya Elmlər Akademiyasının mütəxəssisləri də iştirak ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, tibbi-bioloji elmlər bölməsinin rəhbəri akademik Vladimir Çexonin bildirib.
Çexonin dərmanlardan birinin bir neçə il əvvəl Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Postovski adına Üzvi Sintez İnstitutunda yaradılmış "Triazavirin" adlı antiviral dərman olduğunu deyib. Hazırda çinli mütəxəssislər onun koronavirus infeksiyasının müalicəsində istifadəsi ehtimalı ilə maraqlanırlar.
"Əminəm ki, o, "COVID-19" infeksiyasının müalicəsi üçün daha əlverişli olacaq", – Çexonin bildirib.
Bundan başqa, onun sözlərinə görə, Üzvi Sintez İnstitutu və Zelinski adına Moskva Üzvi Kimya İnstitutu Yaponiyada istehsal olunan və koronavirusun da aid olduğu RNT viruslarının səbəb olduğu infeksiyaların müalicəsində istifadə edilən "Favipiravir" adlı antiviral dərmanın sintezi üçün Rusiyanın əczaçılıq sənayesinin tələblərinə uyğun gələn və "kifayət qədər effektiv" olan bir sxem yaradıb. Rusiya Elmlər Akademiyasının vitse-prezidentinin sözlərinə görə, bu dərman da sınaqdan keçməyə hazırdır.
"Fortepen" adlı digər bir dərman Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi və Üzvi Kimya İnstitutu tərəfindən yaradılıb. Dərman heyvanlarda koronavirus infeksiyalarının müalicəsi üçün istifadə olunan Fosprenil preparatının əsasında hazırlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də "COVID-19" xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 634 mindən çox yoluxma faktı qeydə alınıb, təxminən 30 min insan dünyasını dəyişib. Rusiyada "COVID-19" xəstələrinin ümumi sayı 1534-ə çatıb (onlardan 1014-ü Moskvadadır), 64-ü sağalıb, səkkiz nəfər ölüb.