Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 30 mart — Sputnik. Yeni növ koronavirusun yayılması ilə mübarizənin effektivliyini artırmaq üçün Rusiya tərəfi mart ayının əvvəlindən etibarən Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla "COVID-19"-un laboratoriya diaqnostikası üçün 70 dəst test sistemi verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda, həmçinin qeyd olunub ki, Rusiyanın Azərbaycanla səhiyyə sahəsində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.
Azərbaycana təqdim olunan 70 dəst test sistemi "COVID-19"-un müəyyənləşdirilməsi üçün 7 min laboratoriya diaqnostikası həyata keçirməyə imkan verir.
Həmçinin səfirliyinin yaydığı məlumatda Rusiyanın Avrasiya İqtisadi Birliyi, MDB, İran, Monqolustan və Çin də daxil olmaqla 13 ölkəyə tibbi yardım etdiyi bildirilir.