BAKI, 30 mart — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.
"Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsinə baxılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddətinin 2020-ci il mayın 31-dək uzadılması təklif edilir.
"Tibbi sığorta haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
Həmçinin "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik müzakirə ediləcək.
"Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.
"Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycanın və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müstərək fəaliyyətin təşkili haqqında" Sazişin təsdiq edilməsi məsələsinə də baxılacaq.
İclasda "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılacaq.