MƏDƏNİYYƏT

Azərbaycanın məşhur aktrisasına doğum günü üçün möhtəşəm sürpriz

Şəfiqə Məmmədova bir çox tamaşalarda, on üçədək filmdə rol oynayıb. Ən yaddaqalan obrazlardan biri isə "Bizim Cəbiş müəllim" filmindəki rolu hesab olunur
Sputnik

BAKI, 29 mart — Sputnik. Tanınmış aktrisa, Xalq artisti Şəfiqə Məmmədova ordenə layiq görülüb.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Xoşbəxt Yusifzadəyə orden verildi

Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

Bir çox tamaşalarda, on üçədək filmdə rol oynayıb. Ən yaddaqalan obrazlardan biri isə "Bizim Cəbiş müəllim" filmindəki rolu hesab olunur.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub (1995-2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.