BAKI, 29 mart — Sputnik, Xalid Məmmədov. Milli Məclisin Daxili Nizamnaməsinə dəyişikliklər təklif edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, Nizamnamənin 3-cü maddəsinə (Milli Məclisin iclasları) əlavə təklif edilir. Həmin əlavəyə görə, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, qanun layihəsinin bu hissəsi qəbul edilsə, 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
Digər dəyişikliyə görə, 24-cü maddənin (Milli Məclisin iclaslarında səsvermənin növləri və qaydası) beşinci hissəsində "Səsvermə zamanı salonda olmayan deputat" sözləri "Deputat" sözü ilə əvəz edilir. Belə ki, mövcud qanunvericiliyə görə, səsvermə zamanı salonda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz. Amma dəyişikliklə təklif edilir ki, deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.
Dəyişikliklər Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirə çıxarılacaq.