BAKI, 29 mart — Sputnik. Türkiyə yığmasının tərkibində 2002-ci ildə futbol üzrə Dünya Çempionatının bürünc mükafatçısı olmuş qapıçı Rüştü Rəcbər koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun həyat yoldaşı İşıl Rəcbər "Instagram" səhifəsində yazıb.
46 yaşlı qolkiperin həyat yoldaşının sözlərinə görə, Rüştüdə xəstəliyin simptomları qəflətən ortaya çıxıb və hazırda o, həkimlərin nəzarəti altında xəstəxanadadır. Koronavirus yalnız ailə başçısında aşkar edilib. Rəcbərin həyat yoldaşı və uşaqları da "COVID-19" müayinəsindən keçiblər, lakin testlərin nəticəsi mənfi olub.
120 oyunda milli komandanın şərəfini qorumuş Rüştü Türkiyə millisində keçirilmiş matçların sayına görə rekordçudur. Klub səviyyəsində o, Türkiyənin "Antalyaspor", "Fenerbahçe" və "Beşiktaş" klublarının heyətində çıxış edib, eləcə də İspaniyanın "Barselona" klubunda bir mövsüm keçirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martda yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu "COVID-19" xəstəliyinin yayılmasını pandemiya elan edib. Hazırda " SARS-CoV-2" koronavirusuna 575 mindən çox insan yoluxub, 26,6 mindən çox insan vəfat edib.
Türkiyədə koronavirusa təxminən 5,7 min nəfər yoluxub, 92 nəfər dünyasını dəyişib.