İranda koronavirusa yoluxanların sayı 38 mini keçdi, Xatəmi də xəstədir

Bir gün ərzində 123 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2640-a çatıb
Sputnik

BAKI, 29 mart — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2901 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

Koronavirusdan ölənlərin sayı 31 mini keçdi

"Son 24 saat ərzində koronavirusa 2901 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 38309-ə çatıb. Bir gün ərzində 123 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 2640-a çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 38309 şəxsdən 12391-i sağalıb.

Bu arada İran Parlamenti sədrinin sabiq müavini (2000-2004) Məhəmməd Rza Xatəmi də koronavirusa yoluxub.

O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Məhəmməd Rza Xatəmi İranın sabiq prezidenti Məhəmməd Xatəminin kiçik qardaşıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.