Koronavirus artıq orduya çatdı: "qapıbir" qonşumuz təşvişdə

Ehtimal ki, yoluxma mənbəyi əməkdaşlardan birinin qohumu olub. Onun Azərbaycana səfər etdiyi bildirilir.
Sputnik

BAKI, 29 mart — Sputnik. Gürcüstan Müdafiə Nazirliyinin altı əməkdaşında koronavirus aşkar edilib. Sputnik Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yoluxmuş şəxslər Milli Qvardiyanın Mülki ofisinin Təmizlik xidmətinin əməkdaşlarıdır. Onlar martın 21-dən karantində olublar. 

Qurum rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görüb. Yoluxmuş işçilərin birbaşa və ya dolayı yolla təmasda olduğu bütün şəxslər qaydalara tam uyğun olaraq karantində saxlanılır və ya özləri təcrid olunublar. O cümlədən, yoluxmuş şəxslərlə əlaqədə olduğu ehtimal olunan səkkiz nəfər gələcək müayinə üçün Qori Hərbi Xəstəxanasına aparılıb.

Bu arada yoluxma mənbəyi aşkar edilib. Ehtimal ki, yoluxma mənbəyi əməkdaşlardan birinin qohumu olub. Onun Azərbaycana səfər etdiyi bildirilir.

Yoluxmuşların hamısı nazirliyin Hərbi Hospitalına çatdırılıb.

Rəsmi stopcov.ge saytının məlumatına görə, ölkədə koronavirusa 90 yoluxma faktı aşkar edilib, 18 xəstə sağalıb. Karantində 4717 nəfər saxlanılır.