CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir - İSTİQAMƏTLƏR

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xətlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır
Sputnik

BAKI, 29 mart — Sputnik. Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edir.

Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən bildirilib. Məlumatda deyilir ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar sabahdan xidmətə başlayacaq. Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin tələbatına uyğun interval ilə xidmət göstərəcək. Təşkil olunacaq ekspres xətləri:

1. M3 Koroğlu m/st – 28 May m/st.

2. M4 20 Yanvar m/st – S.Vurğun bağı

3. M5 Koroğlu m/st – 20 Yanvar m/st

4. M6 Əhmədli m/st – S.Vurğun bağı

5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xətlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Eyni zamanda bildirilir ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Sərnişinlərə zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunur.