BAKI, 29 mart — Sputnik. “Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.
Sputnik Azərbaycan bildirir ki, bunu “Report”a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: “A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçiriliblər. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.
E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb: “Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.
Deputat, A.Dilavərovun sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.