BAKI, 29 mart — Sputnik. Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda 16 məsələ müzakirə ediləcək.
İlk olaraq "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsinə baxılacaq.
"Tibbi sığorta haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
Həmçinin "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik müzakirə ediləcək.
"Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.
"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılacaq.