BAKI, 27 mart — Sputnik. Karantin tədbirləri, gigiyena və özünü təcrid qaydalarına riayət etmək, özünüzü qorumağın və koronavirus infeksiyasının yayılması riskini azaltmağın əsas yollarıdır. Bunu rusiyalı mikrobioloq, virusoloq Yevgeni Plisov SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən onlayn sessiya zamanı bildirib.
Vebinar martın 26-da sosial izolyasiya qaydalarına uyğun olaraq təşkil edilib və SputnikPro-nun ilk onlayn təcrübəsi olub.
Əgər əvvəllər SputnikPro modulları ölkələr üzrə yerli KİV nümayəndələri, radio və TV əməkdaşları, tələbələr və digər arzu edənlər üçün keçirilirdisə, onlayn sessiya müxtəlif ölkələrdən olan jurnalistləri birləşdirməyə imkan verib. Vebinarda iştirak etmək üçün Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova da daxil olmaqla 10 ölkədən 140-dan çox jurnalist qeydiyyatdan keçib.
Online modulun mövzusu - "Koronavirus haqqında necə savadlı və viruslu yazmaq olar"- iştirakçıların böyük marağına səbəb olub. Sessiyanın spikeri qismində həmçinin tanınmış jurnalist, “Rossiya seqodnya” BİA-ın baş direktorunun müavini, rus dilində informasiya idarəsinin rəisi Yelena Qluşakova çıxış edib.
Yevgeni Plisov jurnalistlərin karantin tədbirləri və təhsil müəssisələrinin bağlanmasının məqsədəuyğunluğu barədə sualına cavab verərək bildirib ki, uşaqları ən təhlükəsiz qrupa aid etmək olar. Mütəxəssisin sözlərinə görə, uşaqlarda koronavirus bir qayda olaraq simptomsuz və ya yüngül şəkildə baş verir. Buna baxmayaraq, virusoloq vurğulayıb ki, uşaqlar xəstəliyin daşıyıcısı ola bilərlər. Buna görə məktəblərin və uşaq bağçalarının bağlanması tamamilə haqlıdır. Yaş nə qədər yüksəkdirsə, yoluxma ehtimalı bir o qədər çoxdur.
"Hesab edirəm ki, aprel və may aylarında virus güclü olacaq, amma iyun ayında azalma olacaq", - deyə Plisov bildirib.
O, həmçinin qeyd edib ki, koronavirusun müalicəsi üçün hələ də spesifik dərmanlar yoxdur, bu gün xəstələrin müalicəsinin əsas üsulu simptomları aradan qaldırmaqdır.
"Bu gün edə biləcəyiniz ən doğru şey evdə oturmaq, öz xəstələnmə riskinizi artırmamaq və ya xəstəliyin daşıyıcısı olmamağınızdır. Əgər hələ də evdən çıxmaq məcburiyyətindəsinizsə, əllərinizi mümkün qədər tez-tez yumalısınız, özü də ən azı 20 saniyə və əllərinizlə üzünüzə toxunmamağa çalışın. Maskalar yalnız xəstələr üçün tələb olunur ki, onlar virusu sağlamlara yoluxdurmasınlar. Digərlərinə maska lazım deyil. Amma əgər siz onu özünüzü sakitləşdirmək və yoluxmayacağınıza əmin olmaq üçün taxırsınızsa, nəzərə alın ki, bu maskalar hər iki saatdan bir dəyişdirilməlidir", - deyə ekspert bildirib.
Vebinarın ikinci spikeri Yelena Qluşakova isə deyib ki, bugünkü şəraitdə KİV–in əsas funksiyası informasiyanı yoxlamaqdır.