BAKI, 25 mart — Sputnik. "COVID-19" pandemiyası səbəbi ilə təhsil ocaqlarının bağlanması nəticəsində bir çox müəllimlər dərslərini distant rejimdə keçməyə məcbur olublar. Bunun üçün onlar müxtəlif vasitələrdən – dərsləri və tapşırıqları göndərmək üçün elektron poçtdan, "Skype", canlı videoyayım və hətta virtual reallıq texnologiyalarından istifadə etməyə çalışırlar.
Lakin istifadə olunan texnologiyalara baxmayaraq bəzən şagird və tələbələrin diqqətini dərslərə cəlb etmək çətin olur.
Çarlz Kumber (Charles Coomber) adlı amerikalı müəllim isə distant tədris prosesini şagirdləri üçün daha cəlbedici etmək üçün riyaziyyat dərslərini "birinci şəxs şuter" janrında olan yeni "Half-Life: Alyx" virtual reallıq oyununda keçməyə qərar verib.
Sputnik Azərbaycan xəbər verir ki, Kumber riyaziyyat dərsinin 15 dəqiqəlik videogörüntüsünü "YouTube" video paylaşma saytında yerləşdirib.
Videogörüntünün altında yazılmış qeyddə isə bunun "Evdə Təhsil Həftəsi" (Homeschooling Week) adlı proqramın bir hissəsi olduğu bildirilir. Çox güman ki, bu proqram məhz "COVID-19" pandemiyası səbəbindən tətbiq edilib.
Kumber əsas personajının işğalçı yadplanetlilərlə mübarizə apardığı "Half-Life: Alyx" oyunundan istifadə etməklə nəinki şagirdlərinin, hətta sosial şəbəkə istifadəçilərinin də böyük marağına səbəb olub. Belə ki, onun qeyri-adi riaziyyat dərsi "Reddit" sosial xəbər aqreqasiya saytında ön səhifəyə çıxıb.