Lotereyada udan qadından koronavirus aksiyası: pulsuz kartof payladı

Qadın kartofla dolu iri bir kisəni də şəhərdə qoyub ki, istəyən kəs lazım olan qədər kartof götürə bilsin. O, həmçinin insanlara fermaya gəlib özlərinin də kartof yığa biləcəklərini deyib
Sputnik

BAKI, 24 mart — Sputnik. Böyük Britaniyanın Şimali Yorkşir qraflığının Borobric şəhərinin sakini olan qadın maraqlı addım atıb.

O, koronavirus qorxusundan insanların supermarketləri "silib-süpürdüyünü" eşidəndə qərara alıb ki, öz fermasında yetişdirdiyi kartofu əhaliyə pulsuz paylasın.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazır.

51 yaşlı Süzan Herdman Facebook-da məlumat paylaşaraq 27 akr sahəsi olan tarlasından öz əlləri ilə yığdığı tərəvəzi koronavirus qorxusundan evlərində təcrid olunan şəhər sakinlərinə pulsuz təklif edib.

Herdman və ailəsi şənbə və bazar günləri ailəsi ilə birlikdə ehtiyacı olanlara kiloqramlarla kartof paylayıblar. Onlar əlil uşaqların sığınacağına və karantinə salınmış, uşağını tək böyüdən qadına da yardım ediblər.

Qadın kartofla dolu iri bir kisəni də şəhərdə qoyub ki, istəyən kəs lazım olan qədər kartof götürə bilsin. O, həmçinin insanlara fermaya gəlib özlərinin də kartof yığa biləcəklərini deyib.

Bir çox sosial şəbəkə istifadəçiləri Herdmanın əməlini bəyənib.

"Belə qaranlıq, xudpəsənd dünyada siz bizə təbəssüm bəxş etdiniz", - biri yazıb.

"İnsanlara təbəssüm üçün bəhanə verdiyimə görə şadam", - ledi Herdman cavab verib.

Herdman 2010-cu ildə milli lotereyada 1.2 milyon funt-sterlinq qazanandan sonra gözəllik salonunu bağlayaraq fermada yaşamağa başlayıb.