CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir - SİYAHI

Köçürülən vəsaitlərin bir hissəsini rəhbər işçilərin 1 aylıq, əməkdaşların maaş və mükafatlarının bir qismi təşkil edir
Sputnik

BAKI, 24 mart — Sputnik. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif qurum və təşkilatlar ianə köçürməkdə davam edir.

Yeni sistem yaradıldı: Fonda pul köçürmək üçün rüsum tutulmayacaq

Sputnik Azərbaycan martın 23-24-də fonda yardım edən qurumların adlarını açıqlayır. 

Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000 (bir milyon) manat vəsait köçürüb. Nazirliyin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məbləğ qurumun rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin isə bir hissəsini təşkil edir. 

Digər nazirliklərdən: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər heyəti bir aylıq əməkhaqqını, Mədəniyyət Nazirliyi Mərkəzi Aparatının əməkdaşları üçün 2020-ci ildə nəzərdə tutulan bir aylıq mükafat məbləğini (100 000 manat həcmində), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi 100 000 manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb. 

Həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu 857 min manat, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri öz əmək haqlarından 100 min manat, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əmək haqqının 50%-ini Fonda ianə ediblər.

Qurumlardan "Azərişıq" ASC-nin rəhbərliyi bir aylıq əmək haqqını tam, digər əməkdaşları isə öz aylıq əmək haqlarının bir qismini, "Azərenerji" ASC qurumun əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 300 min manat vəsaiti Fonda köçürüblər.

Eləcə də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi 1 aylıq vəzifə maaşını köçürüb və Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.

Prezident bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib. Müvafiq vəsait “AzerGold” QSC-nin  əməkhaqqı fondundan cəlb ediləcək. Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri  də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min azn olmaqla, ümumilikdə 150 min azn vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

"Azərlotereya" ASC Fonda 200 min manat, "Gazelli Group" şirkəti 200 000 manat, Bakı Media Mərkəzi 100 min manat köçürüb. 

Azərbaycan Texniki Universiteti (AzTU) 50 min manat, Bakı Mühəndislik Universiteti (BMU) 50 min manat, Azərbaycan Tibb Universiteti (ATU) 50 min manat, Qərbi Kaspi Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb. 

Premium Bank isə fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Qeyd edək ki, martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı  fəaliyyətə başlayıb. Saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.