SƏHİYYƏ

İtaliyada koronavirusdan ölənlərin sayı niyə artdı?

İtaliya koronavirusun yayılmasına görə Çini də geridə qoyaraq Avropada birincidir. Son rəsmi məlumatlara görə, Apennin yarımadasında 60 mindən çox insan yoluxub, 5,4 min nəfər ölüb
Sputnik

BAKI, 24 mart — Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov İtaliyada koronavirusdan yüksək ölüm göstəricisinin səbəbini izah edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onun fikrincə, İtaliya hökuməti virusla mübarizədə düzgün taktika seçməyib, həyəcan təbilini "yara deşilib, irini axandan sonra" vurduğundan xəstələrin sayı kəskin artdı.

Myasnikov qeyd edib ki, İtaliyada ağır simptomları olmayan xəstələri Rusiyada olduğu kimi xəstəxanada saxlayıb, tam təcrid etmək əvəzinə evə göndərirlər.

"Bax bu "evdə otur" məsələsi də, çox güman ki, işləmir: gah qohumları gəlir, gah bir-iki dəqiqəliyə iti gəzintiyə çıxarırlar, ya da başqa bəhanələr", - həkim Telegram-kanalda yazıb.

İtaliya koronavirusun yayılmasına görə Çini də geridə qoyaraq Avropada birincidir. Son rəsmi məlumatlara görə, Apennin yarımadasında 60 mindən çox insan yoluxub, 5,4 min nəfər ölüb.

Ümumilikdə dünyada koronavirusa yoluxanların sayı 330 mini ötüb, 14.5 mindən çox adam dünyasını dəyişib.