Bu çağırış koronavirusa son qoya bilər

Bu gün G20 sammitinin martın 26-da keçiriləcəyi bəlli olub. Bildirilir ki, sammit internetlə videokonfrans formatında keçiriləcək
Sputnik

BAKI, 24 mart — Sputnik. BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusun yayılmasının qarşısını almaq üçün "Böyük iyirmilik" dövlətlərini bütün digər ölkələrə münasibətdə tətbiq olunan sanksiyaların götürülməsinə çağırıb.

Sputnik Azərbaycan Reuters-ə istinadən bildirir ki, bu barədə Quterreşin G20 liderlərinə ünvanladığı məktubda yazılıb.

"Bu, ərzaq, tibbi məhsullarının əlçatan olması və ölkələri COVID-19 pandemiyası ilə mübarizədə dəstəkləmək üçün vacibdir. İndi təcrid deyil, həmrəylik vaxtıdır", - Quterreş qeyd edib.

O, həmçinin ölkələri pandemiya ilə mübarizə üçün daha çox resurs təklif etməyə çağırıb.

Bu gün G20 sammitinin martın 26-da keçiriləcəyi bəlli olub. Bildirilir ki, sammit internetlə videokonfrans formatında keçiriləcək. Görüşü OPEC+ razılaşmasının pozulması fonunda böhran və koronavirusun mənşəyi ilə bağlı ABŞ-la Çin arasında artan gərginlik çətinləşdirə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada 330 mindən çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan isə onun yaratdığı ağır sətəlcəm xəstəliyindən dünyasını dəyişib.