CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərhad və Şirin əfsanəsi yalan oldu: bakılı qaz üçün daşları dəldi - VİDEO

Daxili İşlər Nazirliyinin dəstəyi ilə artıq qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Yəni qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərin görüləcəyi qaçılmazdır
Sputnik

BAKI, 24 mart — Sputnik. Bakı sakinlərinin qaz xətlərinə qanunsuz qoşulması halları aşkarlanıb. Belə hallardan birinə görə isə bir vətəndaş qonşusundan şikayət edib.

Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsində 64 saylı orta məktəbin yaxınlığında yaşayan bir vətəndaş qonşusunun qanunsuz əməlləri barədə "Azəriqaz"ın 104/185 saylı operativ Çağrı Mərkəzinə məlumat verib. O, qonşusunun dəfələrlə qaz xəttinə qanunsuz birləşmə apardığını və qaz təsərrüfatı işçiləri tərəfindən həmin qoşulmanın dəfələrlə kəsildiyini bildirib. Lakin bu hərəkət yenidən təkrarlanıb.

Çağrı Mərkəzinə daxil olan fotolardan da aydın olub ki, vətəndaş qarşısına çıxa bilən real təhlükədən çəkinmir və bunun nəticələrinin ağır olacağını göz önünə gətirmir. Kustar üsulla qanunsuz qaz birləşməsi aparır.

"Azəriqaz" İstehsalat Birliyi bir daha xəbərdarlıq edir ki, istənilən şəxs bu cür hərəkətlərdən çəkinməlidir. Belə durumlarda cüzi qaz sızması belə sizin həyatınız üçün ciddi təhlükə yarada bilər. Qazdan yalnız normal şəkildə, Birliklə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır. Bu fakt üzrə “Azəriqaz” İB dərhal tədbirlər görməklə növbəti dəfə qanunsuz qoşulmanı ləğv edib. Qurumda inanırlar ki, haqqında danışılan vətəndaş bu hərəkətini bir daha təkrarlamayacaq.

Daha bir fakt isə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzərək manevr edib. Əslində o, həmin daşların hamısının içərisini yonaraq, nazik rezin boru ilə qazı oğurlamaqla məşğul olub.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin dəstəyi ilə artıq qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Yəni bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.