CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov - Sahibkarları ağır durumdan çıxaracaq təkliflər hazırlanır - VİDEO

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək
Sputnik

BAKI, 23 mart — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı müsahibə verib.

Sputnik Azərbaycan xəbər verir ki, nazir iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

Elman Rüstəmov iclas keçirdi

M.Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ÜDM-in 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib və eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb. Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

İşçi Qrup koronavirusa görə xəbərdarlıq etdi

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər.

Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib. M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.