SƏHİYYƏ

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin son durumu açıqlandı

"Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir"
Sputnik

BAKI, 22 mart — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin son vəziyyəti açıqlanıb.

Professor: "Koronavirus qorxusunu azalda bilmirsinizsə, psixiatra müraciət edin"

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir: “Hazırda  aktiv koronavirus xəstələrinin sayı 42 nəfərdir. Bu günədək Azərbaycanda koronavirusdan 1 ölüm faktı qeydə alınıb. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir”.

TƏBİB rəsmisi əlavə edib ki, koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

“Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir" – deyə o, əlavə edib.

R. Əliyeva bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların 10 nəfəri tam sağalıb.

Qeyd edək ki, 21 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.