VİDEO

Hazırlaması çətin, yeməsi asan: Novruz süfrəsi üçün səməni halvası

Səməni halvası bəlkə ən qədim və faydalı şirniyyat növlərindən biridir. Heç bir şirinləşdirici əlavə edilmədən hazırlanan bu dadlı halvanın tərkibi sadə olsa da, hazırlanması olduqca çətindir. Bunun necə baş verdiyini isə videomuzda izləyin.
Sputnik

Adətən bu halva xüsusi günlərdə, əsasən də Novruz bayramı ərəfəsində bişirilir. Bütün ailənin qadınları bir yerə toplaşar, niyyət edər və növbə ilə böyük qazanı qarışdıra-qarışdıra halvanı bişirərlər.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva

Sputnik Azərbaycan-ın bölgə müxbiri Goranboy rayonu Borsunlu kəndində məskunlaşan Axısqa türklərinin evində qonaq olub və onların “sumələk” adlandırdıqları səməni halvasının bişirilmə qaydasını öyrənib.

Kənd sakini Hafizə Rəşidova deyib ki, əvvəldən niyyət tutub halvanın bişirələcəyi ev və pay sahibi olmaq istəyənlərin sayı müəyyənləşdirilməlidir. Daha sonra sakinlər öz tədarüklərini bir yerə yığaraq buğda səmənisi qoyurlar və gündə 2 dəfə sulamaqla qaranlıqda cücərdirlər.

“Səməni elə cücərməlidir ki, göyərməsin. Yoxsa acı dadar. Cücərmiş səməni ətçəkən maşınlardan keçirilir və sonra suda yuyularaq şirəsi cecədən ayrılır. Cecə atılır və hər kilo taxıl üçün 4-4.5 kiloqram un əlavə edərək hörrə hazırlanılır,” - deyə o bizimlə bölüşüb.

Daha sonra qadınlar dua edərək ocağa od vurur və səməninin hazırlanmasına başlayırlar. İlk öncə yağda duzsuz xəmirdən hazırlanan çörək bişirilir və yığışanların hamısı bu çörəkdən dadır. Bundan sonra hazırlanan hörrə qazana tökülür və durmadan qarışdırılır. Hər kəs niyyət tutaraq ocaqda bişən halvanın içinə qoz atır. Qadınlar səhərə kimi yatmayaraq növbə ilə qazanların altını yandırır və halvanı qarışdırırlar. 19-20 saatdan sonra isə süd rəngində olan hörrə tədricən qəhvəyi-çəhrayı çalara çalır.

Onlar üçün bu halvanın hazırlanması hələ də birlik əlamətidir. Belə ki, bütün qohum-qonşular bir yerə yığışır, bayramı qeyd edir və dadlı səməni halvasının dadına baxırlar.