CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus təhlükəsi ilə evə sığınanlar, gözünü internetə dikənlər – Gözəl təklif var

“Provayderlər ən azı mart və aprel aylarında gücləndirilmiş iş rejimində çalışmalı, əhaliyə keyfiyyətli xidmət göstərməli, müxtəlif güzəştlər tətbiq etməlidirlər. Vətəndaşların borcu yaranacağı təqdirdə belə internetin fəaliyyəti dayandırılmamalıdır” – Naqif Həmzəyev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Dünyanı ağuçuna alan koronovirus pandemiyası Azərbaycanda daha yan keçməyib. Son məlumatlara görə, ölkəmizdə Azərbaycanda 44 koronavirusa yoluxmuş xəstə var. Onlardan bir nəfəri vəfat edib.

Bakıda təhsildən şikayəti olanlara interneti məsləhət bildilər

Koronavirus təhlükəsini nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi rejimdə iş üzrə 17 mart Təlimatında iclasların, müşavirələrin və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilməsi, mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması və işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxmasının qadağan edilməsi haqda tapşırıqlar yer alır ki, bütün bunlar da distant fəaliyyəti labüd edir. Artıq Azərbaycanda bəzi müəssisələr distant olaraq fəaliyyət göstərir. Təbii ki, belə olan halda, internetə yükləmələr də artır.

Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır və internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdə olması isə bu vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir.

Yaranmış vəziyyətlə əlaqədar olaraq artıq ölkəmizdə internetin sürətinin artırılması ilə bağlı tələblər də var. Millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Koronavirus təhlükəsi ilə əlaqədar şagird və tələbələr gününü evdə keçirərək onlayn dərs vəsaitlərindən istifadə etməli olurlar. Digər qisim şəxslər filmlər yükləyir, yaxud da onlayn baxırlar. Bu səbəbdən də heç vaxt eyni anda internetdən istifadə bu həddə olmamışdı. Bütün bunlar, yəni internetdən kütləvi istifadə sürətin zəifləməsinə, nəticə etibarilə keyfiyyətin aşağı düşməsinə səbəb olur”.

“Buna görə təklif edirəm ki, provayderlər ən azı mart və aprel aylarında gücləndirilmiş iş rejimində çalışsınlar, əhaliyə keyfiyyətli xidmət göstərsinlər, müxtəlif güzəştlər tətbiq etsinlər. Vətəndaşların borcu yaranacağı təqdirdə belə internetin fəaliyyətini dayandırmasınlar. Düşünürəm, çağırışımızdan sonra bu məsələyə diqqət yetiriləcək” - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, fiberoptik xətt üzərində fəaliyyət göstərən provayderlərdə keyfiyyət yaxşı olsa da, digərlərində problemlərə rast gəlinir: “Bu isə sürət və keyfiyyətdə güzəştlərin tətbiqini və gücləndirilmiş iş rejiminə keçirilməni vacib edir”.