CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər

"Şəhər turlarını həyata keçirən avtobusların arxasına boylandıqda zindanı, dəmir barmaqlıqları, müqəvvaları görürdüm. Qəribə bir hiss idi..." - Rövşən Abdullaoğlu
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Görəsən, dünyanın sonu haradır? Bəlkə də hamımızı ən azı bir dəfə də olsa, düşündürən suallardan biri də bu olub. Səyyahlar, gəzintini, adrenalini sevənlər isə hər zaman bu tip suallara cavabın axtarışında olaraq dünyanın bir ucundan digər ucunadək yollar qət edirlər.

Argentinanın Uşuaya şəhəri “dünyanın sonu” hesab edilir. Tarix boyunca iqlim, coğrafiya, heyvan və bitki aləminə görə hər zaman səyyahların, turistlərin marağını, diqqətini cəlb edib. Azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu Antraktidaya səfəri çərçivəsində bir neçə gün də olsa, “dünyanın sonu” adlandırılan bu şəhərdə qalaraq, oranı özü üçün kəşf edib.

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər

Yazıçı Sputnik Azərbaycan-la səfərlə bağlı təəssüratlarını bölüşüb:

- Dünyanın sonu adlandırılan bu şəhər sizdə necə təəssürat oyatdı?

- Uşuaya kiçik adalardan təşkil olunub. Bu adalar kompleksinə arxipelaq adı verilib. Dağların qoynunda salınan bu şəhər Argentinanın ən cənub şəhəridir. Argentinadan bu şəhərə uçuş isə 4 saata başa gəlir. Hazırda burada ispanlar yaşayır, yerli dil də elə ispan dilidir. Çox fərqli, xoş, eyni zamanda da bədbin təəssürat doğuran bir şəhərdir. Orada olduğum müddətdə əldə etdiyim məlumata görə, sən demə öncələr burada balina, suitiləri məskunlaşıbmış. Burada balinalar ovlanılırmış. Sonradan burada balıqçı komaları tikilib.

- Bildiyimə görə, bu şəhər həm də özünün həbsxanası ilə də məşhurdur.

- Bəli, bir müddətdən sonra orada zindan da tikilib. Şəhərin ən məşhur binası 1902-ci ildə tikilməyə başlanılan Presidio adlı binadır. 1920-cu ildə tamamlanan bu bina həbsxana kimi istifadə olunub. Beləcə, bir çox ölkələrdən ən qatı cinayətkarlar Uşuayaya göndərilib. Bura həm də soyuq iqlimi ilə Sibir kimi bir yer olduğuna görə seçilib. Sonradan buradakı məhbuslar dəmiryolu çəkilişinə cəlb olunub. Daha sonra sürgün olunmuş məhbusların əli ilə orada həbsxana tikilib. Bundan sonra şəhər həm də balıqçıların port-liman şəhəri kimi fəaliyyət göstərməyə başlayıb. Məhbusların əməyi ilə orada yollar salınıb, evlər tikilib. 1947-ci ildə bağlanılan həbsxananın 5 böyük korpusu muzey kimi fəaliyyət göstərir. Hazırda həmin həbsxananın bir korpusu art-qalereya kimi fəaliyyət göstərir. Divarlarda isə burada yatan məhbuslar haqda müəyyən məlumatlar əskini tapıb. Bundan başqa, şəhərin öncəki vəziyyəti haqda da burada məlumat lövhələri yerləşdirilib. Həbsxananın tarixini əks etdirən Presidio muzeyi də çox məşhurdur.

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər

- Bir sözlə, şəhər özü məhbuslar tərəfindən tikilir.

- Elə buna görə də şəhər fərqli bir biçimdədir. Hər tərəf al-əlvan rənglərə qərq olub. Şəhər boyu gəzdikcə burada maraqlı küçə rəsmlərinə rast gəlmək mümkündür. Burada məhbusların əl işləri olan qeyri-adi, maraqlı heykəlləri görmək mümkündür. Şəhər turlarını həyata keçirən avtobusların arxasına boylandıqda zindanı, dəmir barmaqlıqları, müqəvvaları görürdüm. Qəribə bir hiss idi... Hətta bəzi avtobusların yuxarı hissəsi də zindan kimi düzəldilib.  Bir sözlə, Uşuayada zindan, məhbus, qarovulçu bir simvola çevrilib.

Dediniz ki, oranın təbiəti Sibir kimi bir yerdir.

- Mənim ora səfərim ötən ilin dekabrına təsadüf edib. Temperatur orada təxminən -3 -5 dərəcə idi. Mən gedən vaxtlarda, yəni həmin vaxt Uşuayanın yayı hesab edilirdi. Bizim qışın sonuna doğru onlarda qış mövsümü başlayırdı. Şəhərin əhalisi isə 50-60 mindir. Orada qış turizmi çox inkişaf etdiyi üçün bir çox turistlər qar, qış əyləncəsi axtarışında ora baş çəkirlər. Buradakı dəmir yol stansiyasını isə dünyanın sonuncu dəmiryol stansiyası adlandırırlar. Buradakı müxtəlif adalarda isə dəniz fillərini də görmək mümkün idi. Dəniz məməlilərindən 150-160 ton çəkisi olan göy balina, pinqvinlər, kaşalot da gördüm. Hətta göy balinanın biri bizim qayığın yanından keçdi. Burada qatil balinaları da gördük, onlar çox yırtıcı idi. Bir sözlə, balinalar da aysberq kimi idi, onların yalnız bir hissəsini görmək mümkündür.

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər

- Hətta tarixə görə, dahi səyyah Magellan da ora səfər edib.

- Magellan ilk dəfə ora gələndə uzaqdan görüb ki, qaranlıqda nəsə yanır. Elə bilib ki, ora vulkanik bir məntəqədir. Ona görə də Magellan oranın adını odlu torpaq qoyub. Əslində isə həmin vaxtı yerli xalqlar gecə vaxtı tonqal qalayıblarmış. Magellandan sonra isə uzun müddət kimsə ora üz tutmasa da, yerli xalqlar orada uyğunlaşaraq yaşayıblar. Onlar mənfi temperaturda balıq tutmağa belə yarıçılpaq vəziyyətdə gediblərmiş.

- Bəs, şəhərin tarixi, yerli xalqların qırılması ilə bağlı olaraq hansı məlumatlar əldə etdiniz?

-  Öncələr buranın yerli xalqları hindular olub. Müəyyən bir vaxtdan sonra Avropaya belə bir xəbər gedib çatıb ki, Uşuayada qızıl var. Buna görə də qızıl dalınca arxipelaqa axın başlayıb. Beləcə gəlmələr buradakı yerli xalqları qırmağa başlayıb. Onlar demək olar ki, buradakı bütün yerli xalqları, hinduları qırıblar. Hətta hər qətlə yetirilmiş hindunun başına pul da qoyulurmuş. Bundan başqa, gəlmələrin gətirdiyi müxtəlif xəstəliklər də burada yerli xalqların qırılmasına, ölümünə səbəb olub. Beləcə, burada hinduların qətli törədilib. Hazırda isə demək olar ki, orada yerli xalq qalmayıb, yalnız onların müəyyən xalqlarla qatışığını görmək mümkündür.

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər

- Şəhər fərqli dizaynı ilə sizdə necə bir təəssürat oyatdı?

- Orada olarkən buranın yerli xalqları olmuş hindular haqda Uşuaya muzeyində müxtəlif məlumatlar mühafizə olunur. Onlar qarın soyuğunda belə çılpaq vəziyyətdə yaşayıblar. Dənizə də yarıçılpaq vəziyyətdə giriblər. Onlar görünüş etibarı ilə qazaxlara bənzəyirlər, xüsusən də gözlərinin quruluşuna görə. Hazırda orada əslən hindu xalqın nümayəndəsi olan bir şəxs tərəfindən onların tarixini əks etdirən muzey fəaliyyət göstərir. Lakin yalnız muzeylər deyil, eləcə də şəhərin divarları da onların yerli tarixini qoruyaraq saxlayır. Bu rəsmlər insanda qəribə hisslər yaradır, sanki yerli xalqlar necə qırılır, onlar necə fəryad qoparır, bunu hiss edirsən. Səfərim çərçivəsində Findelmundo adlanan muzeydə də oldum. Bu muzeydə isə yerli xalqlar haqda çəkilən ilk sənədli filmlər də mühafizə olunur. Bundan başqa, onların qayıqları, geyimləri, həyat tərzini özündə əks etdirən bir guşə də var. Bu məlumatlarla tanış olduqda, həqiqətən də bir insanlıq faciəsi ilə tanış olursan. Bu çox dəhşətli bir hissdir. Şəhərin divarları, damları belə rəngarəngdir, amma tarixi acıdır. Burada, dünyanın sonunda bir-birinə çox yaxın yerləşən kazinonu, kilsəni də görmək mümkündür. Binaları isə ikimərtəbəlidir. Burada çoxmərtəbəli bina görmək mümkün deyil. Alçaq hasarları, ensiz küçələri ilə gəzmək də bir başqa hiss idi...