Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 mart — Sputnik. Yeni tikilən binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizmi təkmilləşdiriləcək.
Sənədə görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə istismarına icazə verilməmiş çoxmənzilli binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin təmin edilməsi, belə mənzillərə dair hüquqların internet informasiya resursu vasitəsilə real vaxt rejimində yoxlanılması üçün müvafiq şərait yaradılmasını təmin etməlidir. Bunun üçün vahid informasiya bazası və yeni mexanizmin fəaliyyəti təmin ediləcək.
Dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a deyib ki, 2018-ci ildə mülki qanunvericiliyə dəyişiklik edilməsinə baxmayaraq, bu sahədə ciddi problemlər var idi: "Həmin qanunvericilik yeni binalarda alqı-satqı əməliyyatlarının həyata keçirilməsi qaydalarını tənzimləyir və onun tətbiqi faktiki olaraq mövcud deyildi. Amma indi "Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan bu tədbirlər imkan verəcək ki, bu istiqamətdə də müəyyən mexanizmlər hazırlanıb ortaya qoyulsun".
"Mülki qanunvericilikdə qeyd olunur ki, vətəndaşlar mənzil alarkən onlara ilkin qeydiyyat arayışları verilməlidir. Sadəcə olaraq bu dövrə qədər inşa olunan yeni tikililərin əksəriyyəti faktiki olaraq qeydiyyat üçün müraciət etmir və ilkin sənədlərində bəzi qüsurlar olurdu və s. Ona görə də bu arayışların verilməsi faktiki olaraq mümkün olmurdu. Amma bundan sonrakı dövrdə bunun tətbiqinə dair qaydalar, mexanizmlər hazırlanacaq və həyata keçiriləcək", – deyə o qeyd edib.
Kirayə mənzil istəyənlərin bilməli olduğu hər şey: gələn həftə sənəd qəbulu başlanacaq
Ekspert bildirib ki, təkrar bazarda bütün alqı-satqı əməliyyatları reyestr xidmətində qeydiyyata alınır: "Artıq bir mənzilə "kupça" verilirsə, digər şəxs həmin mənzilə çıxarış ala bilməz. Burada da ilkin qeydiyyat arayışı "kupça"nın ilkin variantı hesab olunur. Yəni bir mənzilin satılmasına dair ilkin qeydiyyat arayışı verilirsə, artıq bu, dövlət reyestr xidmətində qeydə alınır və həmin mənzilin başqa bir şəxsə satılması faktiki olaraq mümkün deyil. Eyni zamanda bütün əməliyyatlar notariat konturlarında rəsmiləşdirilir və bunun qeydiyyatı həyata keçirilir".
O deyib ki, yeni binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı proseduru elektronlaşdırılacaq: "Çünki ilkin qeydiyyatın elektronlaşdırılmasında müəyyən problemlər mövcud idi. Bu problemlər bilavasitə tətbiq ilə bağlı idi və yəqin bundan sonra onun tətbiqi ilə bağlı mexanizm ortaya qoyulacaq. İstismarına icazə verilmiş bina artıq qeydiyyata alınmış sayılır. Yəni daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmış sayılır. Və onun qeydiyyat sənədi "ASAN xidmət" mərkəzlərində və yaxud Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi idarələrində həyata keçirilir. Amma istismarına icazə verilməmiş tikililərdə bu mexanizm mövcud deyildi və indi həmin mexanizm hazırlanıb ortaya qoyulacaq".
"Bu addım vətəndaşların xeyrinə olacaq. Çünki artıq tikinti şirkətləri vətəndaşlara əlavə problem yarada bilməyəcək. Məsələn, bir sıra hallarda protokoldan çıxarışların verilməsində süründürməçiliyə yol verilirdi, indi kimin əlində ilkin qeydiyyat arayışı varsa, bu sənədlərin alınmasında heç bir problem olmayacaq. Bundan əlavə, bir mənzilin iki və ya daha çox şəxsə satılmasının qarşısı alınacaq. Yəni bu addım bir çox istiqamətləri tənzimləyəcək", – deyə ekspert diqqətə çatdırıb.