BAKI, 19 mart — Sputnik. Niderlandın paytaxtı Amsterdamda yerləşən məşhur "Qırmızı fənərlər" kvartalındakı seks işçiləri koronavirus pandemiyasına görə işsiz qalıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" yazır.
Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin (COVID-19) yayılmasının qarşısını almaq üçün Niderland hökuməti martın 15-də "Qırmızı fənərlər" kvartalındakı bütün seks müəssisələrini bağlamaq qərarına gəlib. Bu qərar seks işçilərinin gəlirlərinə böyük zərbə vurub.
Niderlanddakı fahişələr işin müvəqqəti məhdudlaşdırılması səbəbi ilə böhrandan ən çox əziyyət çəkmiş həmkarlarını dəstəkləmək üçün ianə toplamaq qərarına gəliblər. Bazar ertəsi axşam saatlarına onlar artıq 4,4 min avro toplayıblar. Təşkilatçılar müştəri itkisi səbəbi ilə ən çox ehtiyacı olanların hərəsinə 40 avro vermək niyyətindədirlər.
Niderlandın Seks Sənayesi İşçiləri Birliyinin (PROUD) nümayəndəsi bildirib ki, yaranmış vəziyyətdə seks işçiləri daha zəifdirlər, çünki onların davamlı gəliri və ya ödənişli xəstəlik məzuniyyəti imkanları yoxdur.
Niderlandda seks sənayesinin fəaliyyətinə qanunla icazə verilir. BMT-nin məlumatına görə, Niderlandda seks sənayesində təxminən 25 min adam çalışır, onların əksəriyyəti qadınlardır. Ancaq təşkilat bildirir ki, bir çoxlarının gizli şəkildə işlədiyi nəzərə alınsa, bu rəqəm daha yüksək ola bilər.