BAKI, 19 mart — Sputnik. Koronavirus təhlükəsi ilə bağlı insanlar arasında təşviş yaranıb. Dünyanın sonunun çatdığını, hər kəsin öləcəyini düşünüb isterikaya düşən insanlar var. Sputnik Azərbaycan bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının professoru Zəfər Əliyevlə müsahibəni təqdim edir.
- Koronavirus infeksiyasının bütün dünyada yayılması, ümumiyyətlə pandemiyalar dövründə insanların belə təşvişə düşməsi normal hal kimi qəbul edilə bilərmi?
- İnsanların arasında təşviş yaranması təbii bir haldır. Lakin hamımız daha soyuqqanlı olmalıyıq. Media məkanında, sosial şəbəkələrdə həddindən artıq yanlış xəbərlər var. Ümumiyyətlə, koronavirusla bağlı ancaq rəsmi dövlət məlumatlarına etibar etməyi məsləhət görürəm. Bu mövzuda spekulyasiyalar çoxdur. Bundan başqa, gənc nəslin psixi durumu da bu vəziyyətdə bizdən əhəmiyyətli dərəcədə asılıdır. Onlar bizim davranışımıza baxırlar.
- İndi insanlar arasında belə fikirlər də səslənir ki, virusdan qurtula bilsək də, bizi narahatlıq, gərginlik öldürəcək. Doğrudanmı, bu təşviş, həyəcan ciddi xəstəliklərə yol aça bilər?
- Ciddi psixi xəstəliklərə yol açma insanın xasiyyətindən çox asılıdır. Adətən belə hadisələr baş verəndə depressiv, təşviş və ipoxondrik pozuntularının artması müşahidə olunur. İpoxondriya – psixiatriyada öz sağlamlığı barədə əsassız olaraq narahatlıq yaşamaqdır. Belə şəxslər əmindir ki, sağalmaz ağır xəstəliyə tutulublar. Və təbii ki, obsessiv-kompulsiv pozuntularının sayı da artır.
- Vətəndaşlara nə məsləhət edərdiniz, daxildəki qorxu hissini azaltmaq üçün nə etsinlər? Bəlkə hansısa xüsusi texnika, narahatlığı azaltmaq üçün hansısa metodlar var?
- Daxildəki qorxu hissini azaltmaq üçün məşğuliyyət olmalıdır. Ev şəraitində kitab oxumaq (pandemiyalara, xəstəliklərə və təbii fəlakətlərə aid olmayan), xobbi, təxirə saldığınız işlər, idman. Psixoterapiyanın autotreninq metodu kömək edə bilər. Bu metod kömək etməsə, çəkinmədən psixiatra müraciət etsinlər.
- Yaranmış durumdan çox narahat olan insanlar həkim məsləhəti olmadan sakitləşdirici dərman içə bilərlərmi?
- Qətiyyən həkim məsləhəti olmadan hər hansı dərman istifadə etmək olmaz. Hətta bu vəziyyətdən bəzi işbazlar "möcüzəli", "təbii tərkibli" və "daxili orqanlara təsir etməyən" dərmanlar, yaxud bioloji əlavələr təklif edə bilərlər. Çunki belə vəziyyətdə effektiv kömək etmə faizi azalır. Hazırda psixiatriyada kifayət qədər effektiv və təhlükəsiz dərman vasitələri mövcuddur.