CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə təhsil alan bir qrup tələbə Bakıya gətirildi

Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigyenik qaydalara riayət etmələri, təxliyə zərurəti yarandığı halda mütləq şəkildə Ali Məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur
Sputnik

BAKI, 18 mart — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasını nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə təhsil alan tələbələrinin zərurət yarandığı halda təxliyə edilməsinə qərar verilib. BANM-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən təxliyə olunaraq, Bakıya gətirilməsi təmin edilib.

Tətilin uzadılacağı ilə bağlı deyilənlərə rəsmi cavab verildi

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyə olunaraq ötən gün axşam "Azərbaycan Hava Yolları"na məxsus xüsusi reyslə Bakıya geri qaytarılıblar.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyə olunaraq ölkəmizə gətiriliblər.

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənətbəxşdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi.

Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibi olublar.

Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigyenik qaydalara riayət etmələri, təxliyə zərurəti yarandığı halda mütləq şəkildə Ali Məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.