Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Sosial şəbəkələrdə evə təcili tibbi yardım briqadası çağırmaqla koronavirus testi etdirməyin mümkünlüyü barədə məlumat yayılıb.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa görə halsızlıq, temperatur, öskürək kimi əlamətləri olan şəxslər Bakı şəhərində təcili tibbi yardımın “103” xidmətinə, regionlar üzrə “113” xidmətinə müraciət edə bilərlər: "Biz insanlara müraciət edərək bildiririk ki, səhhətlərində narahatlıq yarandıqda təcili tibbi yardıma müraciət etsinlər. Təcili yardımdan onlara bəzi suallar veriləcək, evdə müayinə həyata keçiriləcək. Koronavirusa şübhələr varsa, həmin xəstədən evdə yaxma götürülə bilər. Neqativ çıxarsa, heç bir əlavə analiz aparılmır. Pozitiv çıxdıqda xəstə izolyasiya edilir”.
R. Əliyeva qeyd edib ki, analizin cavabları dərhal bildirilməyəcək:
“Götürülən analizlər laboratoriya şəraitində test edildikdən sonra vətəndaşa məlumat veriləcək”.
Onun sözlərinə görə, təcili yardıma yalnış məlumat verərək çağırış edənlər inzibati məsuliyyətə cəlb olunacaq!