BAKI, 18 mart — Sputnik. Almaniya Bundestaqının Beynəlxalq Komitəsinin üzvü Valdemar Herdt bəyan edib ki, Almaniya Rusiya ilə münasibətlərə yenidən baxmalı və koronavirus pandemiyası fonunda Moskvaya qarşı tətbiq olunmuş səmərəsiz sanksiyaları aradan qaldırmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Onun fikrincə, ölkələr çətin vaxtlarda bir-birinə kömək etməlidirlər. Deputat hazırkı böhranın Avropa İttifaqının iqtisadiyyatına ciddi zərbə vuracağını proqnozlaşdırır.
“Sanksiyalar koronavirusun yaratdığı bu böhrandan əvvəl də ləğv edilməli idi. Ancaq indi sərhədlərin bağlandığı zaman bu mövzu daha da aktualdır”, - Herdt qeyd edib.
O vurğulayıb ki, Avropa ölkələri Rusiya ilə ticarət dövriyyəsini bərpa etməlidirlər ki, bu da bütün iqtisadi sistemin xeyrinə olacaq. Herdt Bundestaqın Beynəlxalq Komitəsinin növbəti iclasında bu məsələni qaldırmağı planlaşdırır.
Bundestaqdakı “Solçular” fraksiyasının xarici siyasət məsələləri üzrə rəsmi nümayəndəsi Aleksander Noy bu təşəbbüsü dəstəklədiyini bildirib.
“Hökumət vacib məsələlərin həllinə diqqət yetirməlidir. Rusiyaya qarşı sanksiyalar birmənalı şəkildə xeyir gətirmir, xüsusən də indi”, - siyasətçi hesab edir.
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov isə mətbuata bildirib ki, koronavirus yüksək miqyasa çatarsa, avropalılar rusofobiya mövqeyini aradan qaldırmaq məcburiyyətində qalacaqlar.