BAKI, 18 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı ifaçı Emil Qədirov Rusiyanın vaxtilə populyar olan "Blestyaşiye" qrupunun eks-solisti Kseniya Novikova ilə yeni "Davay ostanemsya druzyami” (Gəl dost kimi qalaq) duetini dinləyicilərə təqdim edib.
İfaçılar artıq çoxdandır dostluq edirlər, lakin ilk dəfədir birgə layihəyə imza atıblar. Qədirov Sputnik Azərbaycan-a bildirib ki, əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədirlər.
"Davay ostanemsya druzyami” kompozisiyası artıq Rusiyanın bütün musiqi meydanlarında təqdim olunur.
Qədirov yeni mahnını Novikova ilə birlikdə martın 21-də Moskvada "Vegas City Hall"da keçiriləcək solo konsertində də oxuyacaq.
Kseniya Novikova rusiyalı müğənni, aktrisa, mahnı müəllifi, "Blestyaşiye" qadın pop qrupunun keçmiş solistidir. 1990-cı ildən 1998-ci ilədək "Klass"qrupunun iştirakçısı olub.
Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.
O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir. O, Rusiyanın 1-ci kanalında yayımlanan "Səs" vokal müsabiqəsində iştirak edib.