CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bəzi şəxslər üçün kommunal və rabitə xərcləri limiti artırılır

Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması, müvafiq məlumatların aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi nəzərdə tutulub
Sputnik

BAKI, 18 mart — Sputnik. Ünvanlı yardım üçün müraciət edən ailənin kommunal və rabitə xərcləri üçün müəyyən olunan limit artırılacaq.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq.

Proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır.

Ünvanlı sosial yardım alanlar üçün şad xəbər

Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı Qaydalarda dəyişikliklər layihələri hazırlanıb.

Belə ki, hazırkı qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb.

Bununla bərabər, layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatından imtina edilməməsi və ya ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması və ailənin sosial yardım hüququna maneə yaratmaması və s. əksini tapır. Həmçinin ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması, müvafiq məlumatların aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ünvanlı sosial yardım alan ailələrin sayı 2019-cu ildə 40 mindən 72 minə çatıb. Ötən il bu yardımın alınması üçün kriteriyaların (həmçinin torpaq pay mülkiyyəti ilə bağlı şərtin) yumşaldılması ilə bağlı müəyyən işlər nəticəsində əlavə 7 min ailə sosial ünvanlı sosial yardım proqramına daxil olub.

Ümumilikdə bu il ünvanlı sosial yardım alan ailələrin sayının 85-90 minə çatdırılması hədəflənir.