İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Ötən ilin sonlarında Çinin Uhan əyalətində yeni növ koronavirus - mənşəyi bilinməyən pnevmoniya (COVID-2019) yayılmağa başladı. Bu günə qədər bu xəstəliyə 200000-dən çox insan yoluxub, bunlardan 82 mini sağalıb, 8000 nəfərə yaxını dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də xəstəliyi pandemiya elan edib.
Azərbaycanda da xəstəliyin qarşısının alınması məqsədilə tədbirlər görülüb. Sərhədlər bağlanıb, iş yerlərinin çoxu distant rejimə keçib, məktəblərdə dərslər təxirə salınıb, kitabxanalar, kinoteatrlar bağlanıb və vətəndaşlara ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb.
Bəs vətəndaşlarımız bu qadağalara necə əməl edirlər?
Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə fəaliyyət göstərən ərzaq mağazaları istisna olmaqla digər mağazalar saat 18.00-də bağlanır. Satıcılar alıcı səviyyəsinin tamamilə azaldığını bildirirlər.
Apteklər və ərzaq mağazaları isə vətəndaşların tələbatını ödəmək üçün gecə saatlarına qədər işləyir.
Ölkədə virus təhlükəsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, sakinlərin çoxu maska taxmaqdan imtina edir. Bunu isə bəziləri virusun mövcudluğuna inanmadıqları, bəziləri sağlamlıqlarına güvəndikləri, bəziləri isə Allahdan başqa heç nəyə inanmadıqları ilə izah edirlər.
Məsələn, 34 yaşlı Bakı sakini Ariz Əhmədov deyir ki, dərdi də, dərmanını da verən Allahdır: "Nədən qorxum ki? Əsl Allahdan qorxmalıyıq. Allahdan qorxmayan virusdan qorxsa, nə olacaq? Siz də qorxmayın".
Digər Bakı sakini Samirə Əliyeva da virus təhlükəsini görmədiyini deyir: "Yaxşı qidalanıram, gigiyenik qaydalara da riayət edirəm. Qalanı Allaha qalmış..."
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar NurəliyevSputnik Azərbaycan-a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı əhaliyə vacib olan tövsiyələri vardır ki, insanlar buna ciddi yanaşmalıdırlar. Çölə çıxanda maskadan istifadə etmək, əlləri yumaq, spirtlə təmizləmək, iş yerlərini dezinfeksiya etmək və s. kimi önləyici profilaktik tədbirlər görmək çox vacibdir.
Onun sözlərinə görə, ÜST-ün və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyə və təlimatlarında əsas iki məsələ diqqət çəkir. Bunlardan birincisi ətraf mühit ilə səthi təmas və digəri isə virusa qarşı insan bədəninin immunitetinin güclü olmasıdır.
"Birinci məsələ ətraf mühit ilə səthi təması məhdudlaşdırmaq, yəni əl ilə, nəfəs yolu ilə xəstəliyə yoluxmuş şəxslə kontakta girməməkdir. Təbii ki, biz bilə bilmərik ki, qarşımızdakı insan xəstəliyə yoluxub, yoxsa yox. Tətbiq edilən xüsusi rejim - restoran-kafelərin, iaşə obyektlərinin, şadlıq saraylarının bağlanılması, tədris mərkəzlərinin, məktəblərin bağlanılması məhz bu səbəbdəndir. Yəni bu, virusa yoluxmuş insanlarla fiziki olaraq yaxın olmanın qarşısını almaq məqsədi daşıyır", - deyə Nurəliyev vurğulayıb.
O əlavə edib ki, əlləri yumaq, spirtləməklə yanaşı, bəzi prosesləri də mütləq şəkildə həyata keçirmək lazımdır.
"Marketlərdən alış-veriş edən zaman nağd şəkildə deyil, kartla etməyə üstünlük vermək və hər kartdan istifadədən sonra kartı dezinfeksiya etmək vacibdir. Marketdən, yaxud aptekdən alış-veriş edib evə gətirdiyiniz məhsulları (yağ, çay, qənd, şəkər tozu, un, düyü və s.) qablaşdırılmış paketdən çıxardıb evdəki qablara boşaltmaq, paketləri atmaq və əlləri yumaqla çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar. Nəzərə almaq lazımdır ki, marketdə o paketlərə sizdən başqa da onlarla müştərinin əli dəyib. Çöldən (işdən) evə gələndə paltarları digər geyimlərlə eyni şkafa qoymamaq, evə gələndə ayaqqabını dezinfeksiya etmək, şəxsi əşyaları (saat, bilərzik, müxtəlif aksesuarlar, mobil telefon və s.) dezinfeksiya etmək lazımdır", - Nurəliyev qeyd edib.
Onun sözlərinə görə, şəxsi avtomobili hər gün dezinfeksiya etmək lazımdır. Bunlar sadəcə xarici səth ilə təması azaltmaq üçündür, digər profilaktik tədbirlər də mütləqdir.
Bununla yanaşı, xəstəliyə qalib gəlmək üçün immunitetin gücləndirilməsi vacib məsələdir.
Bunu isə hər gün səhərlər 15-20 dəqiqə idman etməklə qidalanmaya fikir vermək, sağlam qidalar qəbul etmək, alkoqollu içkilər, siqaretə yox deməklə əldə etmək olar.
Sonda qeyd edək ki, bu günə kimi Azərbaycanda 34 nəfərdə koronavirus aşkar edilib, onlardan bir nəfəri dünyasını dəyişib, 10 nəfəri sağalaraq evlərinə qayıdıb. Hazırda 23 nəfər aktiv xəstə var. 560 nəfərə yaxın vətəndaş isə karantində saxlanılır.