CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maşınları soyub, əşyaları onlayn satışa çıxarıb

“Niva”lardan oğurluq edərək əldə etdiyi əşyaları onlayn alış-veriş saytlarında satışa çıxaran və qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar
Sputnik

BAKI, 18 mart — Sputnik. Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Qeyd edək ki, saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsilə də onun əməlləri lentə alınıb. Əli Kazımov ifadəsində bildirib ki, “Niva”lardan oğurladığı səs gücləndirici, maqnitofon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Maşınları soyub, əşyaları onlayn satışa çıxarıb

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. Belə ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Maşınları soyub, əşyaları onlayn satışa çıxarıb

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.