BAKI, 17 mart — Sputnik. Avstriya yeni növ koronavirusun (COVID-19) yayılmasını dayandırmaq üçün sakinlərinə beş nəfərdən çox qruplar şəklində yığışmağı qadağan edib və yalnız zəruri hallarda evlərini tərk etməyə çağırıb.
Sputnik Azərbaycan "The Local" nəşrinə istinadən xəbər verir ki, hökumət polisin ictimai həyata yeni məhdudiyyətlər tətbiq edəcəyini və tələblərə əməl etməyənlərin cərimə olunacağını bildirib.
Bu sərt tədbirlər parlamentin növbədənkənar sessiyasında qərara alınıb. Sessiya zamanı Kansler Sebastyan Kurts əhalini özünütəcridə və təması "yalnız birgə yaşadıqları insanlarla" məhdudlaşdırmağa çağırıb.
İnsanlar evdən yalnız işləmək, yemək almaq və ya başqalarına kömək etmək məqsədilə çıxa bilərlər.
"Ölkəmizdə hərəkət azadlığı ciddi şəkildə məhdudlaşdırılacaq", – Kurts bildirib və əlavə edib ki, bu tədbirlər "Avstriya xalqının sağlamlığının qorunması üçün vacibdir".
Bazar günü Avstriyada koronavirusa 800 yoluxma, eləcə də xəstəlikdən iki ölüm faktı qeydə alınıb.