Zelenski koronavirusdan ölkəsinin xeyrinə istifadə etməyə çalışır

Ukrayna prezidenti koronovirus nəticəsində yaranacaq demoqrafik böhranın qarşısını almaq üçün əhalini artmağa çağırıb
Sputnik

 

BAKI, 17 mart — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski karantin dövründə koronavirusa görə ölkədə demoqrafik böhranla mübarizə aparmağa çağırıb.

"Düşünürəm ki, bu böhranla da mübarizə aparmaq vaxtıdır", – deyə ICTV telekanalının efirində Zelenski bildirib. O, həmçinin uşaqlarla ünsiyyət qurmağı, kitab oxumağı və film seyr etməyi məsləhət görüb.

Eyni zamanda, Ukrayna Nazirlər Kabineti martın 18 -dən avtobus, aviasiya  və dəmir yol xətlərinin bağlanması, metronun işinə xitam verilməsi haqqında qərar qəbul edib.

Qəbul edilmiş qərara əsasən, şəhərdaxili sərnişin nəqliyyatında, o cümlədən  marşrut taksilərində, trolleybuslarda, avtobuslarda, tramvay vaqonlarında eyni vaxtda on nəfərədən artıq adamın daşınmasına icazə verilmir.

Bununla yanaşı, şəhər sakinləri öz şəxsi avtomobillərindən məhdudiyyətsiz istifadə edə bilərlər. Daha əvvəl Ukraynada təhsil müəssisələrində karantin tətbiq olunub və aprelin 3-dən kütləvi tədbirlərin qadağan edilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Ukraynada yeddi koronavirus infeksiyasına yoluxma və bir ölüm halı təsdiqlənib. Martın 14-də ölkəyə giriş məhdudlaşdırılıb.

Dünyada COVİD-19 adlı koronavirusa ilk yoluxma halı 2019-cu il dekabrın axırında Çinin Uhan şəhərində aşkar edilib. ÜST-nin məlumatına görə, bütün dünyada yoluxmuş şəxslərin ümumi sayı 167,5 mindən çoxdur.

Çin Xalq Respublikasında 80,8 min nəfərdə virusa yoluxma halı qeydə alınıb. Bu virusa yoluxmuş şəxslərin 3 226-sı  vəfat edib, 68,8 mindən çoxu isə sağalıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan edilib.